Formula 1-in aparıcı komandalarından olan “Ferrari” ictimaiyyəti yeni bolidi ilə tanış edib. F1-75 adı daşıyacaq yarış avtomobili yeni dizaynı və rəngləri ilə diqqət  çəkib. Xatırladaq ki, ötən mövsüm İtaliya komandası Mühəndislər Kubokunda 3-cü yeri tutub.  Komandanı bu il yenə də Şarl Lekler və Karlos Sayns təmsil edəcək.  Yeri gəlmişkən, yeni mövsümdən əvvəl ilk test yarışları fevralın 23-25-də Barselonada keçiriləcək. İkinci mərhələ isə martın 10-12-də Bəhreyndə təşkil ediləcək.

Amma  Formula 1-in yarış direktoru Maykl Masi yeni mövsümdən proseslərə müdaxilə edə bilməyəcək. FİA prezidenti Məhəmməd Ben Sulayem Masinin vəzifəsindən getdiyini açıqlayıb. Amma o,  funksionerin qurumun başqa sahəsində çalışacağını da söyləyib.  Masinin vəzifəsini isə dözümlülük yarışının sabiq direktoru Eduard Freytaş və DTM yarışlarına rəhbərlik edən Nils Vittix icra edəcək. Bununla yanaşı, yarışlar zamanı trassda yaşananlara doğru qiymət vermək üçün virtual otaq da yaradılacaq.  Bu bir növ futbolda VAR sisteminə bənzəyəcək. Həmçinin komandaların yarış direktoru ilə Qran-pri zamanı əlaqə yaratmasına da qadağa qoyulacaq.